20.01.2018

20 Yanvar Şəhidləri yad edildi.

    Tərtər rayonunda 20 yanvar faciəsinin şəhidlərinin  xatirəsinə həsr olunmuş tədbir Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündən başlandı.  Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular.

    Tədbir iştirakçıları əvvəlcə 20 yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Rayon rəhbəri bildirdi ki,  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

    Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq    keçmişdilər.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.

    "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu... Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda,  1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

    Rayon rəhbəri qeyd etdi ki, Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.

    Tədbirdə Tərtər özünümüdafiə batalyonunun sabiq qərərgah rəisi Pənah Məmmədov, YAP Tərtər Rayon Təşkilatının məsləhətçisi Eldar Əsədov, tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Məmmədova və 20 yanvar faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi, şəhər 2 saylı məktəb-liseyin X sinif şagirdi Fidan Həsənzadə çıxış etdilər.

    20 yanvar şəhidlərinə həsr olunmuş inşa yazı musabiqəsinin qaliblərinə rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edildi.

    Sonra tədbir iştirakçıları rayon mədəniyyət  mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı  “Əsarətin son gecəsi” kompozisiyaya  baxdılar.

    Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.