16.11.2018

Təhsil naziri Saatlı şəhərində vətəndaşları qəbul edib

Noyabrın 16-da təhsil naziri Ceyhun Bayramov Saatlı şəhərindəki Gənclər Mərkəzində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.